"Şimali Koreyanın Ronaldosu"|BMT onun karyerasını necə məhv etdi?

  "Şimali Koreyanın Ronaldosu"|BMT onun karyerasını necə məhv etdi?
  05 İyul 2023    Oxunub:1602
Əvvəllər Avropa çempionatlarında Şimali Koreyadan olan futbolçulara rast gəlmək mümkün olurdusa, BMT Təhlükəsizlik Şurasının sanksiyalarından sonra onları xarici klublarda görmək demək olar ki, mümkün olmayacaq. 2017-ci ilin dekabrında qəbul edilən 2397 saylı qətnaməyə əsasən, KXDR vətəndaşları xaricdə işləyə bilməzlər.
Belə bir qərar "Şimali Koreyanın Ronaldosu" kimi dünyada tanınan, “Kalyari” və “Yuventus”un keçmiş oyunçusu olan futbolçu Han Kvanq Sonun 22 yaşında karyerasını bitirməsinə səbəb olub...

Han Kvanq Pxenyanda anadan olub və yəqin ki, uşaqlığı digər koreaylılar kimi keçib: o da pioner qalstuku taxıb, tarix dərslərində diktatura rejiminin ideologiyasını öyrənib və sərtliyi ilə seçilən valideyinlərinin tərbiyəsini alıb.



Futbolçu ilk illər idman məktəbində futbol oynayıb və 2013-cü ildə Kim Çen Inın hakimiyyətə gəlişindən qısa müddət sonra Pxenyanda açılan Beynəlxalq Futbol Akademiyasına daxil olub.
Hanın ilk günlərdən vunderkind olduğu bəlli olub və adı Avropaya təhsil almağa gedəcək qırx futbolçunun siyahısına düşüb. Beləliklə, 20 nəfər İtaliyaya, daha 20 nəfər isə İspaniyaya aparılıb. Hanın bəxtinə Barselona məktəbində oxumaq nəsib olub. Bir illik təhsildən sonra sonra o, vətəninə qayıdıb.

Lakin bu gəncin istedadı Şimali Koreya liqasında sönmək üçün nəzərdə tutulmamışdı... Beləliklə, 2015-ci ildə italyan klubu “Kalyari” onu transfer edir. Koreyalılar yazır ki, bu, "İrəli, İtaliya" partiyasından olan və bir il əvvəl Şimali Koreyaya səfər edən senator Antonio Razzinin səyi nəticəsində baş verib.



Hücumçu hələ İtaliyaya köçməzdən əvvəl xaricdə bir çox klubların diqqətini çəkmişdi. 2014-cü ildə U-16 Asiya Kubokunun (finalda Cənubi Koreyanı məğlub etmişdilər - 2: 1)qalibi olmuşdu.

2015-ci ildə o, milli komandanın U-17 dünya çempionatının 1/8 finalına yüksəlməsinə kömək edib və "The Guardian"ın 1998-ci il təvəllüdlü 50 ən perspektivli oyunçu siyahısına düşməyi bacarıb. O, iki ayaqdan zərbə endirmə bacarığı, driblinq, qol instinkti və oyuna baxışı ilə italyanları özünə cəlb etmişdi. 2017-ci ilin martında "Kalyari" Hanın əsas komanda ilə 2020-ci ilə qədər müqavilə imzaladığını açıqladı.

"Latsio"ya qarşı debütündə ona cəmi beş dəqiqəlik oyun vaxtı verilsə də , bu, tarixə düşmək üçün kifayət idi. Və Han Avropanın ən yaxşı 5 liqasından birində iştirak edən klubda oynayan ilk Şimali Koreyalı oyunçu oldu.



Müqavilənin imzalanmasından bir ay sonra daha bir tarixi hadisə baş verir - KXDR-dən olan futbolçu A Seriyasında ilk qolunu vurur. Mövsümün sonuna qədər "Kalyari"nin heyətində daha 3 dəfə meydana çıxan oyunçu yayda icarə əsasında "Peruca"ya keçir. O, "Peruca" da iki uğurlu mövsüm keçirir: 39 matç, 11 qol, 5 məhsuldar ötürmə baş verir.

2019-cu ilin sentyabrında "Şimali Koreyalı Ronaldo"nu "Yuventus" icarəyə götürür. O, bir il U-23 komandasında oynayır. 2020-ci ildə klub onu "Kalyari"dən 3,5 milyon avroya alır və Qətərin "Al Duhail" klubuna iki dəfə baha qiymətə satır. Han ümumi maaşı 4,31 milyon avro olan 5 illik müqavilə imzalayır ki, bu da onun İtaliyadakı gəlirindən xeyli çox olur.

O, Avropanı tərk etmək istəmirdi və hətta C Seriyasında oynamağa hazır idi, ancaq bu gözəl hekayə BMT-nin Şimali Koreyanın nüvə silahı əleyhinə sanksiyalarının qüvvəyə minməsi ilə bitir...
Sanksiyaya əsasən Şimali Koreyalılara artıq iş vizası verilmir, bütün dünyada işləyən koreyalılar (əsasən Rusiya və Çində) vətəninə geri göndərilir. BMT bunu onunla əsaslandırırdı ki, xaricdə yaşayan Şimali Koreyalılar maaşlarının 90 faizini ölkəsinə göndərmək məcburiyyətindədir və bu pullar nüvə proqramının maliyyələşdirilməsinə gedir.

Han BMT-nin araşdırmasına görə, 2018-ci ildən 2020-ci ilə qədər hər il 500 min avro alırdı və Qətərdə o, təxminən 862 min avro qazanmalı idi (yeri gəlmişkən, bu, onu Şimali Koreyanın ən yüksək maaşlı idmançısı etmişdi). Həmçinin, onun müqaviləsinə 30 min avroya qədər bonuslar, Dohadan Pxenyana dörd biznes sinif bileti və mənzil daxil idi.

Təsəvvür edirsinizmi, Təhlükəsizlik Şurası onun Koreyaya nə qədər pul göndərəcəyini hesablayanda necə dəhşətə gəlmişdi? .. Beləliklə, bütün bu hadisələrdən sonra Qətər klubuna dərhal məktub gəlib:"KXDR-dən fiziki şəxsə külli miqdarda pul köçürməsi sanksiyaların pozulmasıdır".

Beləliklə, Han komandasız qalır. O, bəzi variantları tapmağa çalışır, lakin heç kim sanksiyların əleyhinə çıxıb onu götürmək istəmirdi. Onu hətta "Tambov" klubuna təklif etdirlər. Klubun idman direktoru Pavel Xudyakov bunu təsdiqləyir, Lakin sonradan o da təzyiqlərə tab gətirmir və futbolçu ilə müqavilədən imtina edir.

Əlacsız qalan Han Şimali Koreyaya qayıdır və bununla da futbol karyerası bitir. Ancaq o, tək deyildi. Avropada oynayan bütün Şimali Koreyalı futbolçular ölkəsinə qayıtmaq məcburiyətində qaldılar.

Acınacaqlı vəziyyət onda idi ki, Han və onun futbolçu yoldaşları nə qədər istedadlı olsalar da, milli mənsubiyyətlərinə görə idman ictimaiyyətinə lazım deyildilər, qəddarcasına karyeralarının üzərindən qara xətt çəkilmişdi.

Qeyd edək ki, 2021-ci ildən bəri Hanın harada olduğu bilinmir.

Məqaləni hazırladı:Uğur Əlizadə

AzVision.az


Teqlər:





Xəbər lenti